12 Mayıs 2013 Pazar

Zaman


Bu parçanı, İsveçdəykən, aylarla günəşi görməyib günləri boşu-boşuna keçirdiyim zamanlarda, gəncliyimi göz önünə gətirib necə boşuna və təklikdə, ins-cinsdən uzaq Arktika yaxınlığında keçdiyini düşündükcə yazmışam. Əslində orda zaman keçmirdi. Saat olmasaydı, ayın tarixini belə unudardım. 


Parçanın əlyazması yoxdur, çünki, dəmiryolunda saatlarca qatar gözləyərkən, kağıza yox, uzun illərin yaxın yoldaşı olan telefona yazmışdım. 




Zaman keçir, saatlar, illər ömürdən gedir,
Palıdın gövdəsinə hər gün bir düyüm qonur,
"Zaman, dayan!" söyləmə, o, öz bildiyin edir,
Düşündükce insanın fikri, xəyalı donur...
                *    *    *    *
Yüyür, yüyür... Çatmıram! Zaman minib yel atı...
İçimdə həp "gecikdim!" duyğusu bəsləyirəm.
Buraxdığım səhvlərim gənc yaşımın on qatı,
Geri dönüb onları düzəltmək istəyirəm... 
                *    *    *    * 
Şəkillərim keçmişi yadıma salır, ama
"Bu mənəm mi?" deyincə gözə hərdən nəm düşür.
Çünki dönüb baxırsan, şəkil gənc qalır, ama
Qəhvəyi saçlarıma get-gedə ağ dən düşür...
                *    *    *    * 
Həyat burulğanında nəfəs yolu daralır,
Hər gün yüzü boğulur, yüzü doğulur yenə.
Günahkar qoca gedir, yerin saf uşaq alır,
Doğulmaq istəyirəm o körpənin yerinə...

28 oktyabr 2011. İsveç, Boden, demiryol vağzalı.

Hiç yorum yok:

Yorum Gönder