12 Mayıs 2013 Pazar

İnsan deyir, bilin!














Bəzən pis, rəngi qara, ins-i cəhalətəm, bilin!
Bəzənsə saf ağ nurlu, elm-i kəmalətəm, bilin!

Bəzən dansam da həqqi, olsa da sözlərim cəfəng,
Üzümdür ən doğru söz, əsl həqiqətəm, bilin!

Yaranmış bütün nə varsa sığar sonsuz əqlimə,
Əqlimin hüdudu yox, qeyri-nəhayətəm, bilin!

Özümü bəzən zəif, aciz məxluq zənn etsəm də,
Tanrıdan güc almışam, aliyi-qüdrətəm, bilin!

İtirib ağ nuru mən, kəndimi məhv eyləyirəm,
Başım üstə daim hərlənən fəlakətəm, bilin!

Laməkan taxtında hökmü qeyri-məhdud sultanam,
Hikmətim bilməz məkan, ucsuz səltənətəm, bilin!

Ayla günəş heyranı üzüm yerin, göyün sirri,
Gah yeddi, gah səkkizəm, sirr-i işarətəm, bilin!

Gah qərq oluban zülmətə həqqi danan bədbəxtəm,
Gah da həqq elmin bilən saf-i səfaətəm, bilin!

Sufiyəm, hürufiyəm, tərk-i dünya bir dərvişəm,
Həqqə bağlı aşığam, cümlə təriqətəm, bilin!

Hər hərfim, hər sözüm sirr, hər kəlməm ən qiymətli dürr,
Kəndözüm sirrəm tamam, tükənməz sərvətəm, bilin!

Dərk etsə insan özün, yer də taraz, göy də taraz,
Aləmi nizamlayan ən dəqiq alətəm, bilin!

Tanrı iznilə ruhum cismimdə oldu bərqərar,
İlkim nur zərrəsidir, cismdə xilqətəm, bilin!

Həm rəssamam, həm nəqqaşam, həm ustad heykəltaraşam,
Saz, söz ustadı aşığam, həm şer-i sənətəm, bilin!

Teymur idim Fəzl oluram, sultan idim, əzl oluram...
Zamanın gərdişiyəm, dövran-i saətəm, bilin!

Müxtəsər et, Cavidan, kim olsam da, nə olsam da,
Əzəlim nurdan olan, əşrəf-i xilqətəm, bilin!

Hiç yorum yok:

Yorum Gönder